Tarixi Lahaina şəhərini yerlə-yeksan edən Maui yanğınında 89 adamın öldüyü təsdiqlənib.
44gun.az BBC-ə istinadla xəbər verir ki, Havay adalarında davam edən yanğın ABŞ-da XXI əsrin ən ölümcül yanğın hadisəsi hesab olunur.
Havay Universitetinin Sakit Okean Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi və Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyinin yaydığı ilkin məlumatlara görə, meşə yanğınları nəticəsində ən azı 2207 struktur zədələnib və ya dağılıb. Binaların 86%-i yaşayış, 9%-i isə ticarət obyektləri olub.
Bundan əlavə, tədqiqat mərkəzinin məlumatına görə, 4500-ə yaxın sakinin daimi sığınacağa ehtiyacı var.
Bildirilib ki, yanğınların iqtisadiyyata vurduğu zərər təxminən 5,52 milyard dollardır.